— Onun... müəllimə, Sonanın qardaşı ölüb!
İlk partada təkcə əyləşmiş Zivər soruşdu:
— Siz Şəhidlər xiyabanına getməmisiniz, müəllimə? Sonanın qardaşını orada dəfn ediblər. Şəkli də qəbrinin üstündə.
Bundan sonra hamı susdu. Müəllimənin indi ağlına gəldi; onun uşaqlarının əgər yaxın bir kəsi həlak olmuşdusa, bir dəqiqə sükutla ayağa qalxıb dayana idilər. Bax bu, düz olardı.
İndi müəllimə başqa boş partalara baxmaqdan çəkinir, soruşmaqdan yayınırdı.
— Qədirin də əmisi Tiflis prospektində tankın altında qalıb, — dedi Məqsəd. Geri qanrılıb arxasındakı boş partaya vurdu əlini.
Uşaqlar baxdılar müəlliməyə, müəllimə qaldı nə desin. Balacaların ürəkləri dolu idi, gözləri uşaq qəlbinin çəkə bilməyəcəyi ağrıdan, qorxudan böyüyüb, eləcə donuqlaşmışdı.
— Müəllimə, — dedi, — qəzetlər düz məlumat vermir. Yalnız Bakıda ölənlərin sayı üç yüzdən çoxdur! Komendant gizlədir.
Atam deyir, əgər toqquşmada ölənlərin sayı yüzdən artıq olsa, gərək bu işə BMT-də baxılsın.
Məqsəd tezcənə yerindən atıldı:
— Mən öz gözümlə görmüşəm, müəllimə, atam canı, and olsun Allaha, öz gözümlə gördüm! Yalan demirəm. Niyə yalan deyirəm? Budur... — deyib çantasını dartışdırdı. Əlini soxub oradan qəzetə bükülmüş bir şey çıxartdı. Bir əlin gücü çatmadı, iki əliylə yapışdı; çantaqarışıq, birlikdə götürüb partadan çıxdı. İcazəsiz cumdu müəllimənin masasına. Əllərini soxub bürməni çıxartdı, taqqıltı ilə qoydu sinif jurnalının üstünə.
Hamı boylandı, müəllimə ehmalca qəzet bükülüsünü araladı, açdı.
— Bu nədir, Məqsəd?
— Bunları tankdan atırdılar! Hə, bizim küçədə çoxdur. Eləsi vardı, qana bulanmışdı. Onu gətirmədim. Evdə neçəsi var. Məhlədən yığmışıq.
Doğrusu, tankların daş atmağı müəlliməyə də uydurma təki gəldi.
Bir qarış uzunu, biləkdən yoğun lülə-daşdı. İki başdan mişarla kəsilmişdi. Müəllimə onu tərpətdi, qaldırmaq istədi, ağırdı. Bir daş parçasını tək əllə qaldıra bilməyəcəyindən utanıb, ikiəlli də qaldırmadı. Hamar daş lüləsi təkər təki masa üstə dığırlananda, Məqsəd yenidən atılıb daşı saxladı. Düşsə, bircə adamın ayağına toxunsa, sındıracaqdı. Çox ağırdı, elə bil içinə qurşun doldurmuşlar.