Hamı bilirdi: komendant kəskin şərt qoymuşdu. Bütün maarif müəssisələri, uşaq bağçaları, körpələr evi işə başlamalıdır. Uşaqlar məktəbə gəlməli, bağçaya, körpələr evinə verilməliydi ki, valideynlər zavodlara, dəzgah arxasına getsinlər. Xəbərdarlıq edilmişdi: kim, hansı məktəb işləməsə, Bakı komendantlığı bunu itaətsizlik təki qiymətləndirəcək və həmin məktəb, həmin maarif şöbəsi barədə ölçü götürüləcək.
Direktor müəllimlərdən rica etdi, yalvardı. Qorxurdu; vəzifədən çıxarılar, partbiletini alarlar.
— Ay yoldaş direktor, sən niyə əsirsən? Partbiletlərdən Mərkəzi Komitənin qabağında tonqal qalamışdılar.
Haradasa atışma olur, avtomat şaqqıldayırdı. Kimi isə ötdüyü yerdəcə gülləyə qurban edirdilər... Hər gün Şənbə gecəsinin bir-birindən müdhiş sorağı söylənirdi. İkinci növbənin uşaqlarının gəlişi daha çətindi, axırıncı dərs qaranlığa düşürdü. Gülzar müəllimənin sinfi ikinci növbə idi.
— Sənin uşaqların gəliblər! — dedi direktor, ürəyində müəlliməyə minnətdarlıq oyandı. Tapşırıq belə idi: söhbət aparın, uşaqları sakitləşdirin. Qaranlığa saxlamayın.
Guya, uşaqlar hamısı birdən itirilərdi, guya, onların bəstəboy, istəkli müəllimələri bir yayğın güllədən ölər, yaralanardı. Bəs niyə soraq tutmayıblar bu neçə gündə? Nə onlar bundan, nə bu onlardan.
Otuz iki uşaqdan on səkkizi gəlmişdi. Gəlməyənlərin yeri boşdu, sinif, boş qalmış partalar ah çəkirdi elə bil.
— Necə gəldiniz, uşaqlar? — soruşdu müəllimə. Elə bil nə qanlı atışmalar olmuşdu, nə bir həftə məktəbə gəlməmişdilər. Müəllimə həminki geyimində, sual da həmin ahənglə. Ona görə də uşaqlar çaşdılar.
Müəllimə sinfin ən danışqan oğlanına göz qoydu. Hə, bu başlasa, qatıb-qarışdıracaqdı. Amma hamı bilirdi ki, müəllimə onu çox istəyir, həm də sinifdə haçan nə baş versə, Gülzar müəlliməyə hamanca çatdıran bax bu cıbıldız Məqsəd olurdu.
— Mən, Aydın, Sənubər bir gəlmişik, müəllimə.
— Sakitlikdirmi sizin məhlədə?
— Müəllimə, müəllimə! Bizim qapının lap ağzında... bir tank dayanıb.
— Bəs Sona niyə gəlməyib? — müəllimə Məqsədlə bir partada oturan qızı soruşdu.
Kimsə dilləndi, qəhərdənmi, qorxudanmı sinfə göz dolandırdı. Məqsəd dil-dodağı təpimiş halda tezcə dedi: