(İxtisarla)
Məktəbin direktoru çıxışda, pilləkən başında dayanıb gözünü darvazaya dikmişdi. Siniflər boşdu, yaxın evlərdən beş-on şagird gəlmişdi, onlar da eləcə dəhlizdə, həyətdə girlənib harasa itdilər.
İçəridə bir neçə müəllim vardı, budur, ikisi də gəldi. Rəng- ruhları qaçmışdı. Orası aydındır, niyə. Hər iki müəllim üst qapıdan gəldi. On-on beş dəqiqə qabaq orada, Şərifzadə küçəsinin Kiyev prospekti ilə kəsişdiyi yerdən avtomat atəşi qopmuşdu. Nəqliyyat işləmirdi, avtobus yox idi, deməli, piyada gəliblər.
— Nə atışma idi? — direktor soruşdu.
Müəllimin dilli-dilavəri söylədi:
— Tankdan atırdılar, tankın üstündə soldatlar vardı. Yerdə də atırdılar. Kimə atırdılar, nə üçün atırdılar, bilmək olur ki?! Bir “Jiquli” ötdü, onu vururdular, yoxsa küçədə kimisə...
— Hara gəldi, atırlar, — bu biri müəllim dedi.
— Heç ağlımıza gəlməzdi. Gündüzün günortasında bu qudurmuşlar... belə iş tutarlar. Bir də gördük, lap yaxınlığımızdaca şilədilər. Qaçıb birtəhər yaxındakı evin blokuna girmişik, neçəsi dükana, mağazaya soxuldu.
— Xətər yetirmədi?
— Vallah, bilmədik. Ötüb getdilər, biz də evlərin arası ilə qorxa-qorxa gəlmişik... Lap quduzlaşıblar. Ağına-bozuna baxmadan atəş açırlar. Qurtarmadı, qırdılar, ürəkləri soyumadı?
Direktor çönüb getdi və sifariş göndərib məktəbə gətirdiyi müəllimlərin bu hala düşməyində özünü təqsirkar bilsə də, üstünü vurmadı.
Müəllimlər direktorun ardınca içəri keçdilər.
Direktor “dərsə davamiyyət” adı altında bir ayaqüstü yığıncaq keçirəndə, iki rəfiqədən biri dilləndi:
— Nəqliyyat işləmir. Yollar qarışıqdır. Belə halda körpə uşaqların məktəbə gəlməyi təhlükəlidir.
— Hələ atışma da gedir bəzi yerlərdə.
— Alatavada bərk atışma olub. Elə ev yoxdur ki, ona bir xətər çatmasın. Neçəsini Şəhidlər xiyabanında dəfn ediblər...
— Məktəb işləməli, dərs keçilməlidir. Məsələ belə qoyulmuşdur. Xalqımızın başına müsibət gəlmişdir. Haqsız yerə qan tökülmüşdür. Evlərdə yasdır. Lakin bu bizim ruhumuzu öldürməməlidir.