— Elxan!.. Elxan!.. Dur, get, bulaqdan su gətir, çay qoyaq, xörək hazırlayaq.
Elxan durdu, bir dəqiqənin içində geyindi, vedrəni götürüb eşiyə çıxdı və tezcə də əsə-əsə içəri gəldi.
— Boyy, o qədər qar yağıb ki, — dedi, — yol-iz görünmür. Qoy bulağa iz düşsün, sonra gedərəm.
Qoca nənə o biri nəvəsinə yaxınlaşdı:
— Kamran!.. Kamran!.. Dur, get, bulaqdan su gətir, çay qoyaq, xörək hazırlayaq.
Kamran oyanıb qalxdı, tezcə əsə-əsə içəri gəldi.
— Boyy, o qədər qar yağıb ki, — dedi, — yol-iz görünmür. Qoy bulağa iz düşsün, sonra gedərəm.
Qoca nənə indi də o biri nəvəsinin çarpayısına yaxın durdu.
— Nargilə!.. Ay Nargilə!.. Dur, get, bulaqdan su gətir, çay qoyaq, xörək hazırlayaq. Heç əl-üz yumağa da suyumuz yoxdur.
Nargilə durub geyindi, balaca küzəni çiyninə alıb eşiyə çıxdı, tezcə də geri qayıtdı.
— Boyy, o qədər qar yağıb ki, — dedi, — yol- iz görünmür. Qoy bulağa iz düşsün, sonra gedib gətirərəm.
Qoca nənə lap dilxor oldu. Qorxurdu ki, gedə, yolda-izdə qara batıb qala. Bəs indi necə etsin?! Məcbur olub balaca nəvəsinin yatdığı çarpayıya yaxınlaşdı.
— Ay Aslan!.. Aslan!.. Dur, get, bulaqdan su gətir, çay qoyub içək. Evdə bir gilə də suyumuz yoxdur.
Aslan yerindən sıçrayıb qalxdı. Tezcə geyindi. Vedrəni götürüb eşiyə çıxdı. Qoca nənə ilə Südabə xalanın gözü qapıda qalmışdı. Onlara elə gəlirdi ki, Aslan da indicə geri qayıdacaq.
Bir az keçmişdi, qoca nənə pəncərənin qarşısına gəldi. Bulağa gedən qarlı yola baxdı. Ayaqlarına uzunboğaz çəkmə geyinmiş nəvəsinin qara bata-bata getdiyini görcək xoşbəxtliklə gülümsədi və ürəyində dedi:
— Mənim qoçaq balam, oxumaqda da, işdə də mənim birinci balam.
Nəriman Süleymanov