II. “Şah Abbas və iki vəzir” mətnini oxuyun. Tapşırıqları yerinə yetirin.
Bir gün Şah Abbas iki vəziri ilə — Şeyx Bəhayi və Mir Damədlə gəzintiyə çıxır. Mir Damədin mindiyi at Şeyx Bəhayinin atından azacıq geri qalırdı. Şah Abbas öz vəzirlərini yoxlamaq qərarına gəlir. Buna görə Mir Damədə yaxınlaşıb deyir:
— Görürsənmi, Şeyx Bəhayi bizi saymır, özünü bizdən üstün bilir. Ona görə də atını çapıb bizdən irəli düşüb.
Mir Daməd şaha belə cavab verir:
— Şeyx Bəhayidə günah yoxdur. Onun atı belində bu cür alimi gəzdirdiyi üçün sevincindən qanad açıb uçur, ona görə də bizdən irəli keçib.
Sonra Şah Abbas atını sürüb Şeyx Bəhayiyə çatır və ona belə söyləyir:
— Mir Damədi görürsənmi? Bizimlə bir sırada gəlməyi özünə ar bilir. Ona görə də özünü kənara çəkib, bizdən arxaya qalıb.
Şeyx Bəhayi isə belə cavab verir:
— Şah sağ olsun, Mir Damədin mindiyi at onun elm və əxlaqının ağırlığından geri qalır. Görün, Mir Damədin atı necə böyük bir alimin yükünü çəkir. Ona görə heç təəccüblü deyil ki, onun atı bizimkindən geri qalır.
Şah Abbas başa düşür ki, vəzirlərinin ürəkləri elmləri qədər genişdir.