Birdən düşmənlər ayağa qalxıb üstümüzə şığıdılar. Mən əlimdəki qumbaranı atdım. Bilmirəm, dördümü, beşimi toz-torpağa qarışıb qaldı. Ana! Mənim gülləm qurtarmışdı. Süngü davası başlandı. Gərək özün burada olub görəydin. Yalan olmasın, hərəmiz bir aslana dönmüşdük. Vuruşurduq, nə vuruşurduq... Düşmənlər zərbəmizə dözməyib geri qaçdılar. Ax, ana, bu vaxt pulemyotumun bircə daraq gülləsi olaydı, gör onda heç biri də qaçıb qurtula bilərdimi?!”
Bu məktuba əsasən əsgərin xüsusiyyətlərini söyləyin.
Əminə xalanın gözləri yol çəkirdi. Onun xəyalında ancaq bu sözlər dolanırdı: “Bircə daraq güllə... Neyləyim?.. Bu iş əlimdən gəlmir, oğul... Yoxsa bir daraq nədir, lap yüz daraq yollardım. (Qalın, enli) corab deyil ki, gündə üç cüt toxuyam. Neyləyim?..”
...Əminə xalanın işlədiyi corab arteli fəhlələrinin yığıncağı uzun çəkdi. Çıxışlar qurtarandan sonra kimsə xəbər aldı:
- Bəs Əminə xala müdafiə fonduna bir şey vermir?..
Əminə xala irəli gəldi, ovcunda yaylığa bükülü nəsə vardı.
- Dava qurtaranacan hər ay beş günlük məvacibim, bir mis qazan, bir mis samovar... Bir də ki bu üzük... Oğlumun nişan üzüyü... Yaz!..
Müdir razı olmadı:
- Yox, onu saxla. Axı o sənin üçün çox qiymətlidir, xala.
Əminə xala dedi:
- Yox, bundan da qiymətli olan var...
- O nədir, xala?
Əminə arvadın səsi birdən titrədi. O, indi bir ana kimi cavab verdi:
- Oğlum! Ona güllə lazımdır... Bildin?
Mehdi Hüseyn