Gördüyünüz oxuduqlarınızla necə əlaqələndi?
Bir müdhiş gecədə isə yer göylə qarışdı. Qulaqlarının dibində hamını şirin yuxudan oyadan dəhşətli gurultular qopdu.
Atəş səsləri yaxından gəlirdi. Atası tələsik geyinib çıxdı.
Cümlələr arasında rabitə yaratmaq üçün dialoqun əvvəlinə 2-3 cümlə artırın.
- Ana, biz hara gedirik, - dedi.
- Qaçırıq, qızım, qaçırıq.
- Nə geyinim?
- Əlinə nə keçdi, geyin.
Qızcığaz stolun başındakı paltarını tələsik əyninə keçirib eyvana çıxdı. Anası qapıları bağlayıb açarları qıza verdi.
- Al, bərk saxla, itirmə, - dedi.
Sonra da qalın yun şalını onun başına saldı, uclarını arxadan bərk-bərk çəkib bağladı.
Onlar küçəyə çıxan kimi məhəllənin adamlarına qoşulub kəndin aşağı tərəfinə doğru qaçdılar. Kənddən xeyli aralanıb meşənin içində dayandılar. Hamı bir-birini axtarırdı. Hamı bir-birini qorumağa çalışırdı.
Qızcığaz anasının əlindən bərk-bərk tutub buraxmaq istəmirdi. Bir əlində isə evlərinin açarlarını tutmuşdu və tez-tez anasına deyirdi:
- Ana, açarları itirməmişəm.
Ana isə nəvazişlə: “Əhsən, mənim balam”, - deyirdi.
Ancaq ananın qəlbindən qara qanlar axırdı. Ana düşünürdü ki, görəsən, bir də evlərinə dönə biləcəklərmi, bir də qızının ovcunda bərk-bərk tutduğu açarla qapılarını aça biləcəklərmi? Görəsən, xoşbəxtlik geri dönəcəkmi?
Qızın isə ananın bu dərdli düşüncələrindən xəbəri yox idi. Onun yeganə təsəllisi ovcunda bərk-bərk tutaraq itirmədiyi açarları idi.
Əli Səmədli