– Özün bax. Gör cibimdə nəsə varmı?
– O biri əlini cibindən çıxart, konfet oradadır, – deyə Tamam dedi.
Əlacsız qalıb cibimdəki alacəhrəni çıxartdım, ona göstərdim və quşu necə tutduğumu söylədim.
- Mən bunu bilirdim. İndi mən sənə o anasız qalmış balaların halından bir neçə kəlmə söyləyəcəyəm. Qəlbin yanarsa, balaca quşcuğazlara yazığın gələrsə, analarını buraxarsan.
Tamam anasız qalmış quşcuğazların halını elə təsvir etdi ki, mən ixtiyarsız ovcumu açdım, quşcuğaz da şad bir səslə uçub getdi.
Tamam mənim gözlərimdəki yaşı görüb, “bundan sonra bir daha quşlara əziyyət verməyəcəyəm” sözlərini eşidib məni qucaqlayıb öpdü. Bundan sonra mən bu pis adəti tərk etdim.
Süleyman Sani Axundov
➤ Alacəhrə haqqında məlumatı oxuyun.
Alacəhrə sərçələr fəsiləsinə aiddir. O, kolluqlarda yaşayır. Xırda cücülərlə qidalanır. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Ornitoloji Cəmiyyəti ilə birgə 20-dən çox quş növünün adının dəyişdirilməsi ilə bağlı ümumi rəyə gəlmişdir. Dəyişdirilən quş adlarından biri alacəhrə olmuşdur. Alacəhrə quşu alaçöhrə (“ala” qırmızı, “çöhrə” üz deməkdir) adlandırılmışdır. Alaçöhrələrin müxtəlif növləri vardır.