Məktəbimizin bağçasında ucaboylu, cavan bir yasəmən ağacı vardı. Yaz gələndə bütün ağaclar kimi, o da çiçək açırdı. Bağçadakı ağ-çəhrayı çiçəkli alça, armud, şaftalı və ərik ağacları arasında bu yasəmən ağacının qəribə bir gözəlliyi vardı.
Yasəmən ağacını Aslan müəllim əkmişdi. O hər səhər əkdiyi bu ağacın yanına gələr, budaqları əyib salxım gülləri iyləyər və dayanıb ağacın gözəlliyinə tamaşa edərdi.
...Bir gün ağacda salxım-salxım sallanan güllər arasında çör-çöpdən və palçıqdan düzəlmiş bir yuva gördüm. Dərsdən sonra ağacın yanına gəldim. Cəld ağaca dırmaşdım. Ağacın gövdəsi ağırlığıma davam gətirməyib şaqqıltı ilə sındı. Mən yıxıldım, yuva da uçub töküldü.