II HİSSƏ
Səninlə fəxr etdiyim məqamlar daha çox olub! Yadımdadır, bir dəfə uşaq əyləncə mərkəzlərinin birində növbəyə durmuşdun. Əlində mənim verdiyim pul vardı, özün üçün oyun kartı alacaqdın. Kassanın yanında isə bir yardım qutusu qoyulmuşdu. Üstündə də gülümsəyən azyaşlı bir qız şəkli vardı. Şəklin altına vurulmuş kağızda qızcığazın ağır xəstəlikdən əziyyət çəkdiyi deyilir, sağalması üçün insanların köməyinə ehtiyacı olduğu bildirilirdi. Sən yazını oxudun. Mən kənardan sənə göz qoyurdum, nə edəcəyini gözləyirdim. Oxuyub qurtaran kimi əlindəki pulu qutuya atıb yanıma gəldin, artıq oyuna həvəsin qalmadığını dedin. Bu hadisəni həyatımın sonuna kimi unutmayacağam, qızım. Həmin an səni kəşf etmişdim, həssas bir qəlbinin olduğunun şahidi olmuşdum. Yeni planet kəşf edən bir alim məni görsəydi, öz kəşfini unudar, sevincimə qibtə edərdi. Sən həmişə belə ol, hiss edərək yaşa, bir təbəssümlə də olsa, məlhəm olmağa çalış.
Bu gün məktəblisən! Dərsdə yeni nələrsə öyrənməyə çalışırsan. Tez böyüməyi arzulayırsan. Bir hissəsi dəyişən, bəzisi dəyişməz qalan xəyalların var. O xəyalların sənin saflığının göstəricisidir. Orada hər şey mükəmməldir. Sevdiklərin də yanındadır. Ancaq həyatda çətinliklər də var. Çətinliklərdən necə çıxacağın bu gün öyrəndiklərindən, müşahidələrindən asılıdır. Sən həmişə doğru bildiyini et.
Sən yaradanın mənə ən böyük hədiyyəsisən, qızım... Bil ki, yaşadığım müddətcə səni ürəkdən sevəcək və səndən tükənməz sevgi gözləyəcəyəm.
Vüqar Adil