3 | Qızıma məktub (ixtisarla) |
Gözəl qızım!
Başını dizimə qoyub yatırsan. Sənə baxdıqca, ipək saçlarını oxşadıqca qəlbimə xoş hisslər dolur. Körpəliyin, qığıltıların, atdığın ilk addım, sözlərin, boynuma sarılmağın və daha nələr yadıma düşür. Gülümsəyirəm, həm də kövrəlirəm. Mən səninlə bağlı hər şeyi ürəkdən istəyərək etdim. Sən ağlayan kimi yanına ilk qaçan özüm olmağa çalışdım. Birlikdə oyunlar oynadıq, toza bulaşdıq, bir-birimizi su ilə islatdıq, küçələrdə qaçdıq, bəzən dəlicəsinə nəyəsə güldük.
... Böyüyürsən. İllər tez keçir, qızım. Sən böyüdükcə səninlə bağlı xəyallarım da dəyişir!
Son zamanlar oxuduğum hər uğur hekayəsi məni uzaqlara apardı. Səni düşündüm, oxuduqlarımı səninlə əlaqələndirdim. Səni gah ağ xalatda, gah sinif otağında, gah da laboratoriyalarda təsəvvür etdim. Adının qarşısına fəxri adlar düzdüm... Bunların hamısı mənim xəyalımdır. Yaxşı bilirsən, seçiminə qarışan deyiləm. Qəlbinin səsini dinləyərsən, düşüncənin səni apardığı yerə gedərsən. Mən də bacardığım qədər sənə dəstək olacağam. Amma bir şeyi unutma! Harada olmağından, hansı peşəni seçməyindən asılı olmayaraq, insanları sev, insanlığa töhfə verməyə çalış. Elə yaşa ki, bir gün iş yerini dəyişməli olsan, insanların nəzərindəki yerin dəyişməsin. Haqsızlıq etmə, xeyir-dua və alqış qazanmağa çalış!
Sən böyüsən də, mənim üçün həmişə balacasan. Amma sən böyü, qızım. Qəlbindəki dünya böyüsün, uğurlarının miqyası böyüsün, amma nifrətin, kinin, qəzəbin böyüməsin. Qəlbin bir günəş olsun, bacardığın qədər hər yeri isit. Mən sənin elə bu cür olacağına ürəkdən inanıram.