Azərbaycan ərazisində qış aylarında daha çox laylı buludlar üstünlük təşkil edir. Onlar Yer səthinə yaxın hündürlükdə yaranır. Topa buludlar isə ilin nisbətən isti dövründə və çox hündürlükdə yaranır. Digər bulud növü isə lələkli buludlardır. Onlar Yer səthindən çox hündürlükdə, əsasən yayda yaranır və naxışabənzər formada olur. Səmanın buludla örtülmə dərəcəsi gözəyarı təyin olunur.
Kütləvi tədbirlər və idman yarışları zamanı baş verən yağıntılar tədbirlərin keçirilməsinə mane olur. Bunun qarşısını almaq üçün xüsusi təyyarələrin köməyi ilə buludlara quru buz və ya zərərsiz kimyəvi maddələr buraxılır. Nəticədə yağıntı ehtimalı olan bulud tədbirdən əvvəl “boşaldılır”.
Bəzən buxarlanan su hündürlüyə qalxmadan Yer səthinə yaxın məsafədə soyuyaraq su zərrəciklərinə çevrilir. Bu zaman duman yaranır. Qatı duman görmə məsafəsini azaldır, nəqliyyatın işinə mane olur. Buna görə də hava və dəniz limanlarında xüsusi dumandağıdan qurğulardan, avtomobillərdə isə duman əleyhinə işıqlardan istifadə olunur.
Tərkibində___olan hava yuxarıya qalxır və soyuyur. Müəyyən hündürlükdə___yaranır. Onlar 3 qrupa bölünür: __, __, __. Yer səthinə yaxın məsafələrdə su buxarı kiçik su damcılarına çevrilərkən__yaranır.
Duman
Su buxarı
Topa
Laylı
Lələkli
Bulud
Verilmiş ifadələri məntiqi ardıcıllıqla düzün:
1. Su buxarı kiçik su hissəciklərinə çevrilir.
2. Hava yuxarı qalxır.
3. Su buxarlanır.
4. Hava soyuyur.