Hər hansı dövlət haqqında məlumat vermək üçün, ilk növbədə, onun coğrafi mövqeyindən, yəni harada yerləşməsindən başlamaq lazımdır.
Respublikamız Yer kürəsinin ən böyük quru sahəsi olan Avrasiya materikində yerləşir. Avrasiya iki qitəyə -Avropa və Asiyaya ayrılır. Ölkəmiz bu qitələri birləşdirən Qafqaz regionundadır. Azərbaycanın burada yerləşməsi onun iqtisadiyyatı üçün çox əlverişlidir. Tarixi mənbələrdə göstərildiyi kimi, bu regiondan “Böyük İpək yolu” adlanan ticarət yolları keçir.
Respublikamız quruda 5 dövlətlə həmsərhəddir: Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə və İran.
Azərbaycan dünyanın ən böyük gölü olan Xəzər dənizinin sahilindədir. Xəzər dənizi - Azərbaycanın Qazaxıstan və Türkmənistan dövlətləri arasında əlaqələr yaratmasına imkan verir. Xəzərə tökülən Volqa çayı isə ölkəmizə məxsus gəmilərin nəhəng okeanlara çıxmasına şərait yaradır.