Müxtəlif ərazilərdə özünəməxsus xüsusiyyətlərə malik olan yerli küləklər vardır. Abşeronda - xəzri və gilavar, Aranda - ağ yel, qara yel və s. belə küləklərdəndir.
Küləklər dəniz, göl və okean sahillərində də müşahidə edilir. Gündüzlər sahil dənizdən daha isti olur. Sahil üzərindəki isti hava yuxarıya qalxır və onun yerinə su üzərindən sərin hava gəlir. Bu külək gündüz brizi adlanır. Gecələr isə əksinə: quru tez soyuyur, su isə istiliyini saxlayır. Külək qurudan dənizə doğru əsir və gecə brizi yaranır.
Brizin sxemi
Küləklər materik və okeanlar arasında da yaranır. Yayda materik okeandan daha isti olur. Quru üzərindəki isti hava yuxarıya qalxır və onun yerinə okean üzərindən rütubətli hava daxil olur və leysan yağışı gətirir. Bu külək yay mussonu adlanır. Qış mussonu isə əksinə, materik üzərindən okeana doğru əsir. Musson küləkləri daha çox Şərqi Asiyanın Sakit okean sahilləri üçün səciyyəvidir.
Musson küləkləri
Küləklər insan həyatında mühüm rol oynayır; məsələn, onların enerjisindən istifadə etmək üçün külək elektrik stansiyaları tikilir. Amma elə küləklər var ki, onlar ağacları yıxır, tikililəri dağıdır, böyük tələfatlar yaradır. Güclü küləklərin yaranması prosesi də adi küləklərdə olduğu kimidir. Lakin bu zaman temperatur fərqi daha böyük olur. Buna görə də hava axınının sürəti yüksək olur.
Dağıdıcı küləklərdən biri tornado adlanır. Tornado Şimali Amerikada, qurunun üzərində baş verir.
İqlim xəritələrində küləklərin əsdiyi istiqamət oxlarla göstərilir.