Ailəsi Mərziyyənin ad gününü aprelin 22-si təbiət qoynunda qeyd etməyi planlaşdırırdı. Hava proqnozuna görə, həmin gün havanın temperaturu +20°C isti olmalı idi. Lakin sübh tezdən hava dumanlı və sərin idi, termometr +15°C-ni göstərirdi. Az sonra hava qızmağa başladı. Temperatur +24°C-yə qalxdı. Lakin axşama doğru hava soyumağa başladı və temperatur+12°C-yə düşdü.
Hava şəraitini öyrənmək üçün meteoroloji stansiyaların əksəriyyətində gün ərzində 8 dəfə ölçmə aparılır. Ölçülən temperaturların cəmini gün ərzində ölçmə sayına bölməklə orta temperatur müəyyən edilir.
Gün ərzində havanın temperaturu aşağıdakı kimi dəyişir: səhər günəş çıxmazdan əvvəl ən aşağı, günortadan iki-üç saat sonra isə ən yuxarı temperatur müşahidə olunur. Bu yalnız aydın hava şəraiti üçün səciyyəvidir.