Atmosfer canlı orqanizmlərin tənəffüsü üçün vacib olan qazlarla təmin edir.
Havada oksigenin əsas mənbəyi bitki örtüyüdür. Bitkilər fotosintez prosesində havadakı karbon qazını udur və oksigeni qaytarır. Havada daim su buxarı mövcuddur. O, əsasən, atmosferə okean və dənizlərin səthindən buxarlanma nəticəsində daxil olur. Atmosferdə xeyli miqdarda toz hissəcikləri də mövcuddur. Tozun mənbəyi Yer səthindən havaya qalxan bərk hissəciklər, zavod və fabrik tullantıları, eləcə də avtomobillərdən çıxan qazlar, vulkan püskürmələri və s.-dir.
Havanın tərkibində zərərli maddələrin miqdarı normadan artıq olduqda insanlar allergiya və astma xəstəliklərinə daha çox yoluxurlar. Müasir şəhərlər həm də səs-küylə “çirklənir”, bu isə insanların əsəb sisteminə mənfi təsir edir. Ona görə də xüsusilə iri şəhərlərdə bağ və parklar salınmalıdır.