Yer səthi dağ, düzənlik, çay vadisi və digər formalardan ibarətdir. Bu nahamarlıqlar cəmi - relyef adlanır. Bu söz fransız dilində “qabarıq” mənasında olsa da, bu anlayışa yalnız dağlar deyil, həm də düzənliklər aiddir. Quruda, okean dibində dağ və düzənliklər ən mühüm relyef formalarıdır.
Dağlar Yerin daxilində baş verən proseslərin nəticəsində əmələ gəlir; məsələn, Yer səthinin qırışıqlığa məruz qalması, vulkan püskürməsi və s.
Dağ ətrafdakı relyef formalarından aydın seçilən qabarıq quruluşa malikdir. Onun elementləri zirvə, yamac və ətəkdir.
Respublikamızda ətək və zirvəsi arasında hündürlük fərqinin 200 m-dən çox olduğu relyef formaları dağ hesab olunur.
Təbiətdə dağlar çох vaxt zəncir kimi uzanaraq sıra dağlar yaradır. Himalay, Kordilyer, And, Qafqaz, Ural, Alp və s. sıra dağları min kilometrlərlə uzanır.
Hündürlüyünə görə dağlar 3 qrupa bölünür: alçaq dağlar, orta dağlar, yüksək dağlar.
Planetimizin ən uca zirvələri Himalay dağlarındadır. Burada ən hündür zirvə Comolunqmadır. Onun hündürlüyü 8848 m-dir. Bu zirvə Avropada Everest adlandırılır.