2012-ci ilin mayında Zaqatala və Balakən rayonlarında 7 ballıq zəlzələ
baş vermişdir. Zəlzələnin ocağı 11 km dərinlikdə olmuşdur. Zəlzələnin
gücü Şəki və Oğuz rayonlarında 5-6 bala, Qazax və Tovuz rayonlarında
isə 3-4 bala çatmışdır.
Azərbaycanın siyasi-inzibati xəritəsindən istifadə edərək zəlzələnin
gücünün rayonlar üzrə dəyişməsinin səbəblərini izah edin.
Zəlzələ – yeraltı zərbələr və yerin üst qatının titrəməsi, yaxud silkələnməsidir. Zəlzələnin başvermə səbəbi Yerin daxilində gedən proseslərdir. Onun gücü Rixter şkalası ilə seysmoqraf adlanan cihazla ölçülür.
Zəlzələlər hər yerdə baş vermir. Onlar, əsasən, seysmik qurşaq adlanan ərazilərdə olur. Hazırda iki seysmik qurşaq müəyyən edilmişdir: Sakit okean qurşağı Avrasiyanın şərq sahillərini, Şimali və Cənubi Amerikanın qərb sahillərini əhatə edir. Zəlzələlərin 75-80%-i burada baş verir.
Alp-Himalay qurşağı Avrasiyanın cənub hissəsindən keçməklə Atlantik okeanından Sakit okeana qədər uzanır. Alp, Qafqaz, Pamir, Himalay dağlıq əraziləri bu qurşağın daxilindədir.