14 aprel 2010-cu ildə İslandiyanın cənubunda yerləşən vulkan püskürməyə başlamışdır. Vulkan nəticəsində yaranan kül buludu 9,1 km-dək hündürlüyə qalxmışdır. Avropa ölkələrinin əksəriyyətinin aviaxətləri iflic vəziyyətinə düşmüşdü. Uçuş reyslərini gözləyən on minlərcə insan gündəlik hava proqnozlarını izləyərək küləyin istiqamətinin dəyişməsini gözləyirdi.
Vulkan modelinin qurulması.
Təchizat: gil (yaxud plastilin), sirkə, qırmızı
rəngdə quaş, yaxud qida boyası, plastik
butulkadan kəsilmiş qıf, soda.
İşin gedişi:
1. Gil və ya plastilindən vulkan modelini – mərkəzində
dəlik olan “dağ” düzəldin.
2. Butulka kəsiyini “dağ”ın başındakı “çökəkliyə”
yerləşdirməklə “vulkan boğazı” yaradın.
3. Butulkaya yarıya qədər soda tökün.
4. Sirkəni qırmızı boya ilə qarışdıraraq oraya
əlavə edin. “Vulkan” püskürməyə başlayacaq.
Vulkan sözü latın dilində “vulkonus” – оd, alov deməkdir. Vulkanlar formalarına, püskürdüyü maddələrə, fəallıqlarına görə fərqlənir.
Vulkanların forması püskürülən lavanın tərkibindən asılıdır. Lava qatı olduqda vulkanın yamacları dik olur. Lava sıyıq olduqda isə o, ətraf ərazilərə yayılır, yamacları örtür, çökəkliklərə dolur. Belə vulkanların yamacları az meyilli olur.
Vulkanlar fəallığına görə iki qrupa bölünür. Fəaliyyətdə olan vulkanlar – püskürməsi tarixi mənbələrdə və insanların hafizəsində qalan, yaxud hazırda püskürən vulkanlardır: Etna, Vezuvi, Kilimancaro, Krakatau və s.