Təbii materiallar insan müdaxiləsi olmadan yaranır. Geoloqlar bu materialları ümumi halda süxurlar adlandırırlar. Süxurlar hər yerdə - dağlarda, düzənliklərdə, hətta okean dibində də yayılmışdır. Yaranma şəraitləri fərqli olduğu üçün onlar müxtəlif olur: bərk, kövrək, ağır, yüngül, suda həll olan və ya əksinə. Mantiya maddəsindən yaranan süxurlara maqmatik süxurlar deyirlər. Onlar maqmanın soyuması nəticəsində əmələ gəlir.
Təbiətdə ən çox yayılmış maqmatik süxurlar qranit və bazaltdır. Çox möhkəm və suyadavamlı olduğu üçün onlardan heykəllər düzəldilir, tikililərdə istifadə olunur.
Lakin nə qədər möhkəm olsa da, süxurlar zaman keçdikcə parçalanır. Bu proses aşınma adlanır.
Xırdalanmış süxur qırıntıları küləyin, çayların, dalğaların, buzun təsiri ilə bir yerdən digər yerə aparılır, düzən və çökək ərazilərdə toplanır. Belə süxurların adı da onun yarandığı şəraiti əks etdirir: çökmə mənşəli süxurlar.
Qum, çaydaşı, çınqıl, gil – çökmə süxurlardır. Onlardan tikintidə geniş istifadə olunur.
Torf, daş kömür, əhəngdaşı, tabaşir kimi çökmə süxurlar bitki və heyvan qalıqlarından yaranmışdır.
Tikinti işləri üçün istifadə olunan əhəngdaşını tanıyırsınız. Onun üzərində balıqqulağı izləri aydın görünür. Bu süxurun yaranmasında daşlaşmış heyvan qalıqları iştirak edir. Lakin əhəngdaşı Yerin dərin qatlarında, yüksək temperatur şəraitində xüsusiyyətlərini itirir, yeni keyfiyyətlər qazanaraq tamamilə başqa süxura çevrilir. Bu süxur – mərmərdir. Mərmər də qiymətli tikinti materialıdır. Ondan binaların, parkların bəzədilməsində istifadə olunur.
Bu şəraitdə yaranan süxurlara metamorfik süxurlar deyilir. “Metamorfoz” yunanca “çevrilmə” deməkdir.