Məişət tullantıları problemi. Mütəxəssislərin hesablamasına görə, şəhərlərdə hər adam orta hesabla gün ərzində 1 kq-a yaxın məişət tullantısı yaradır.
Çirkli suların axıdılması problemi. İri şəhərlərdə istifadə olunmuş suların hara axıdılması problem sayılır. Adətən, dəniz və çay sahilində yerləşən şəhərlərdə belə sular kanalizasiyalar vasitəsilə oraya axıdılır.
İçməli su problemi. Bakı şəhərində içməli su çatışmazlığı daim mövcud olmuşdur. Hazırda şəhərin suya olan tələbatı xeyli uzaqda yerləşən su mənbələri - Şollar düzənliyindəki, Oğuz və Qəbələ rayonlarındakı yeraltı sular, Kür və Samur çayları hesabına ödənilir.
Bu sular şəhərə kanallar və su kəmərləri ilə gəlir. İçməli suların təmizlənməsi və təhlükəsizliyi xüsusi nəzarət tələb edir.
Böyük şəhərlərdəki problemləri müxtəlif yollarla həll etmək mümkündür.
Şəhərdə tıxacları aradan qaldırmaq məqsədilə yollarda körpü və tunellər tikilir. Avtobusların hərəkəti üçün xüsusi yol ayrılır. Sərnişinlərin elektron biletlərdən istifadəsi avtobusların dayanacaqlarda yubanmasının qarşısını alır. Yeni metro stansiyalarının açılması şəxsi avtomobillərdən istifadəyə tələbatı azaldır.
İri şəhərlərdə mənzil problemini aradan qaldırmaq üçün, adətən, hündürmərtəbəli yaşayış evləri tikilir.
Məişət tullantısı probleminin həll edilməsi üçün tullantı emalı zavodları tikilir. Plastik, kağız və metal tullantıları təkrar emal üçün ayırd edilir, qalan zibillər isə yandırılır. Problemin həll yollarından biri də əhalinin bu zibilləri uyğun qablara atmasıdır. Cərimələri artırmaq və nəzarəti gücləndirməklə də küçələrə atılan zibilin qarşısını almaq mümkündür; məsələn, Sinqapurda küçəyə zibil atanları 1000 dollar cərimə gözləyir.
Çirkli suları dənizlərə və çaylara axıtmazdan əvvəl təmizləmək mümkündür.