Qədim dövrlərdə tacirlər, dənizçilər uzaq ölkələrdən, müxtəlif xalqlardan xəbərlər gətirirdilər; məsələn, avropalılara Asiya haqqında ilk məlumatları “Böyük İpək yolu” ilə səyahət edənlər gətirmişdilər. Dolğun təsəvvürlər isə Makedoniyalı İsgəndərin Hindistana yürüşündən sonra formalaşmağa başladı. Avropadan Hindistana ilk dəniz yolunu 1497-1499-cu illərdə Vasko da Qama kəşf etmişdir.
Amerika Hindistana qərbdən dəniz yolunun axtarışı nəticəsində kəşf edilib. Amerikanın 1492-ci ildə kəşf edilməsində Xristofor Kolumbun xidmətləri misilsizdir. Lakin X.Kolumb ömrünün sonuna qədər düşünürdü ki, bu ərazilər Hindistan torpaqlarıdır. X.Kolumbun səfərlərində iştirak edən Ameriqo Vespuççi digər ekspedisiyanın tərkibində bu torpaqlara səyahət etdi. Qayıtdıqdan sonra avropalıları bu torpaqların yeni bir ərazi olduğuna inandıra bildi. Lakin X.Kolumb və A.Vespuççidən 5 əsr əvvəl - X əsrdə skandinaviyalılar bu qitədə olmuşdular. Leyf Eriksson dəstəsi ilə bu materikin şimalşərqinə dəfələrlə səfər etmişdi.
1519-cu ildə Fernan Magellan qərb istiqamətinə üzərək Hindistana dəniz yolunu axtarmaq məqsədi ilə səyahətə çıxmışdır.