Şəkillərə əsasən Yer haqqında coğrafi biliklərin inkişafını şərh edin.
Coğrafiya elmi məkan haqqında elmdir. Keçmişdə coğrafiya elmi əraziləri təsvir edirdi. Hazırda isə bu elm coğrafi hadisələri təhlil edir. Coğrafiyanın müxtəlif sahələrinə yeni texnologiyalar tətbiq edilir. Müasir coğrafiyaçılar təbiətdə baş verə biləcək - sel, sürüşmə, tufan, daşqın və digər təbiət hadisələrinə dair proqnozlar verə bilirlər.
Digər elmlər kimi, coğrafiya da uzun tarixi inkişaf yolu keçmişdir. Eramızın V əsrinə qədərki coğrafiyanın inkişafı Fales, Aristotel, Eratosfen, Ptolemeyin adları ilə bilavasitə əlaqədardır. Fales “ Yeri nəhəng okeanda üzən ağac parçası” kimi təsəvvür edirdi, Aristotel isə Yerin kürə formasında olması fikrini irəli sürürdü. O bu fikrini Ay tutulması zamanı Ayın üzərinə düşən Yerin kölgəsinə görə əsaslandırırdı.
Məşhur yunan coğrafiyaçısı Eratosfen (e.ə. III əsr) isə Yerin ölçülərini hesablayaraq müasir rəqəmlərə çox yaxın göstəricilər almışdı.