Yer kürəsində hər hansı məntəqənin yerləşdiyi məkanı qlobus və xəritələrə əsasən təyin etmək mümkündür. Bunun üçün, ilk növbədə, üfüqün cəhətlərini bilmək vacibdir. Qlobus və xəritələrdə yuxarı tərəf şimalı, aşağı - cənubu, sağ - şərqi, sol isə qərbi göstərir. Onların üzərində məntəqələrin dəqiq ünvanını eninə və uzununa çəkilmiş xətlərlə müəyyən etmək olar. Bu xətlər paralel və meridianlar adlanır.
Paralellər Yer üzərində şərqdən qərbə doğru çəkilmiş xəyali çevrələrdir. Ən uzun paralel ekvatordur. Ekvatoru Yer kürəsinin tənböləni adlandırırlar. O, Yeri Şimal və Cənub yarımkürələrinə bölür. Ekvator çevrəsindən ən uzaqda yerləşən nöqtələr coğrafi qütblərdir.