Təbiətə uyğunlaşmanın digər göstəricisi evlərdir. Qədim insanlar mağaralarda yaşayırdılar. Mağaralar onları istidən, soyuqdan, külək və təhlükələrdən qoruyurdu.
Cəmiyyətin inkişafı kənd və şəhərlərin yaranmasına səbəb oldu. Lakin yaşayış məntəqələrində təbii şəraitə uyğun olan ənənəvi evlər indi də mövcuddur: maldarlıqla məşğul olan xalqlar tez tikilib-sökülə bilən evlərdə - alaçıqda (yurdlarda) yaşamağa üstünlük verirlər. Mərkəzi Asiya xalqlarının yaşadığı yurdlar buna misal ola bilər.
İsti ölkələrin əksəriyyətində evlər gildən tikilir. Çünki gil istiliyi az keçirir. Rusiya, Norveç, İsveç və meşələrlə zəngin digər ölkələrdə isə taxta evlərə üstünlük verirlər. Yaponiyada tez-tez zəlzələlər baş verdiyinə görə bu, binaların tikilməsində nəzərə alınır. Evlərin damı da təbii şəraitə uyğunlaşdırılır. Çində evlərin damı leysan yağışlara, Abşeronda isə güclü küləklərə uyğunlaşdırılmışdır.
İnsanların qidalanması da təbii mühiti əks etdirir. İsti və rütubətli ərazilərdə insanların başlıca qidası tropik meyvə və tərəvəzlərdir. Soyuq və sərt iqlimdə yaşayanlar isə daha çox yağlı ət yeməklərinə üstünlük verirlər. Türk xalqlarının milli yeməklərində də ət məhsulları başlıca yer tutur. Dəniz sahilində yaşayanların gündəlik qidasında isə dəniz məhsulları üstünlük təşkil edir.
Hazırda şəhərdə yaşayanlar müxtəlif ölkələrdən gətirilən ərzaq məhsullarından istifadə edirlər. Lakin mütəxəssislərin fikrincə, yerli qida məhsulları sağlamlıq baxımından daha əhəmiyyətlidir.