Bəziləri isə suya tələbatını torpaq səthinə yaxın olan kökləri hesabına ödəyir. Bu köklər gecələr yaranan şehlə qidalanır. Su onların gövdələrində toplanır. Buxarlanmanı azaltmaq üçün bitkilərin yarpaqları tikan şəklinə düşmüşdür.
Səhradakı heyvanlar da özünəməxsus xüsusiyyətlərə malikdir.
Sürünənlər soyuqqanlı olduğuna görə onlar səhra şəraitində yaşaya bilirlər. Çünki bədən temperaturları gecələr aşağı düşür, gündüzlər isə günəş istiliyini tədricən qəbul edir. Onların bəziləri gündüzlər qumun altında və ya kol dibində yatır. Gecələr isə qida axtarışına çıxırlar.
İsti iqlim və su çatışmazlığı səhradakı canlı aləmi daha dözümlü etmişdir. Bəzi heyvanlar çətin şəraitə uyğunlaşmaq üçün iti qaçırlar və uzun müddət susuz qala bilirlər.
İsti səhralarda bəzən yeraltı sular səthə çıxır, burada canlı aləm nisbətən zəngin olur. Belə ərazilər vahə adlanır.
Səhralar soyuq iqlim şəraitində də yaranır, Onlar qütb səhralarıdır. Qütb səhralarında havanın istiliyi yayda 0-5°C-dən yuxarı olmur. İlin müəyyən vaxtında isə günəş heç görünmür. Antarktida və Şimal Buzlu okeanının adalarındakı buz səhralarında bitkilərə, demək olar ki, rast gəlinmir. Heyvanlar aləmi güclü külək və şaxtalara uyğunlaşmışdır. Qalın piy qatı və xəz onları soyuqdan qoruyur. Qütb səhralarında vahələr (oazislər) yaranır. Bu vahələrdə mamır və şibyə bitir.