Yer kürəsində bitkilərin yayılması, onların müxtəlifliyi, ilk növbədə, ərazinin iqlimindən asılıdır. Planetimizdə ən sıx bitki örtüyünə malik ərazilər - meşələrdir. Rütubətli ekvatorial meşələr daha zəngin növ tərkibinə malikdir. Bu meşələrdə ağaclar daim yaşıldır. Onların yayıldığı ərazilərdə ilboyu hava şəraiti isti və yağıntılıdır. Ona görə də kəsilən ağacların yerində meşə tez bərpa olur. Ekvatorial meşələrdə günəş işığına çox ehtiyacı olan ağaclar digərlərinə nisbətən daha hündürdür. Nəticədə onlar çoxyaruslu (çoxmərtəbəli) olur. Sarmaşan bitkilər - lianlar ağaclara dolanaraq yarusları birləşdirir. Bitkilərin sıxlığı hətta gündüzlər də alaqaranlıq yaradır.