Kanallar çəkilməzdən əvvəl çay suları Aral dənizinə axaraq gölün səviyyəsinin sabit olmasına imkan yaradırdı. Lakin bu, Qaraqum suvarma kanalının çəkilməsinə qədər belə idi. Amudəryadan başlayan Qaraqum kanalı 1300 km məsafədə səh ralardan keçərək bu yerlərə “həyat” verir.
Qısa müddətdən sonra kanalın ətrafında kəndlər, bağlar, bostanlar salındı. Pambıq və digər qiymətli kənd təsərrüfatı bitkilərinin istehsalı artdı. Yeni iş yerləri açıldı. Kanaldan çox uzaqda yerləşən yaşayış məntəqələri də su ilə təmin olunmağa başladı.
Müəyyən müddətdən sonra Aral dənizi sahilində yaşayanlar göldə suyun səviyyəsinin azaldığını və dənizin sahəsinin kiçildiyini müşahidə etdilər. Buxarlanan suyun yerinə çaylardan su gəlmədiyindən Aralın duzluluğu artdı. Bu isə sonda balıqların tükənməsinə səbəb oldu - balıq ovu tənəzzülə uğradı.
Bu, ilk növbədə sahilboyu yerləşən yaşayış məntəqələrinə mənfi təsir göstərirdi. Aral dənizi sahilində yaşayanlar arasında allergiya xəstəliklərinin sayı artırdı. Tibb işçiləri bunu isti, quru və duzlu küləklərin təsiri ilə əlaqələndirirdilər.
Hazırda insanların əksəriyyəti bu yerləri tərk etmişdir. Dəniz səhraya çevrilmişdir. Gölün dibi duz qatı ilə örtülüdür. Güclü külək zamanı havaya qalxan duz hissəcikləri ətrafdakı tarlalara düşür, torpaqları yararsız hala salır.
Suvarma kanallarının belə ekoloji gərginlik yaradacağını isə alimlər hələ qabaqcadan xəbər vermişdilər.
Debat. Mətni oxuduqdan sonra iki qrupa
ayrılın. “İnsan təbiətə müdaxilə etməlidirmi?” mövzusunda müzakirələr aparın.
1-ci qrup. Səhra sakinləri.
Daim su qıtlığı problemi ilə üzləşirsiniz.
Kanalların çəkilməsi sizə rahat yaşayış
şəraiti yaradacaqdır.
2-ci qrup. Dəniz sahilinin sakinləri.
Ailənizin həyatı dənizlə sıx bağlıdır. Kanalların
çəkilməsi problemlər yaratmış,
dəniz qurumuşdur.