Adalar hər tərəfdən su ilə əhatə olunan nisbətən kiçik quru sahələridir. Onlar nə vaxtsa materikdən ayrılmış bir parça, okean dibində püskürmüş vulkanın ən yüksək hissəsi və ya suda yaşayan dəniz canlılarının üst-üstə qalaqlanmış qalıqları da ola bilər. Elə adalar var ki, onlar çox nəhəngdir, hətta kosmosdan görünür: məsələn, Qrenlandiya, Yeni Qvineya, Madaqaskar və s. Lakin Yer kürəsində kiçik adaların sayı daha çoxdur. İqlimi əlverişli olan adalar kurort-turizm üçün çox əlverişlidir. Son vaxtlar varlı ölkələr sahilə yaxın sularda süni adalar yaradır. Lakin elə ölkələr də vardır ki, yerləşdikləri adaları bir-birilə və yaxın materiklə birləşdirir, məsələn, Böyük Britaniya adası La-Manş boğazının altından keçən tunel vasitəsilə Avropaya birləşdirilmişdir.