Bitki mənşəli qida ilə qidalanan heyvanlar. Məməli heyvanların bəzilərinin qidasını bitki mənşəli qidalar təşkil edir. Belə qidaya otlar, toxumlar, meyvələr, nektar və s. aiddir. Bitki qidası gec həzm olunduğundan otyeyən heyvanlarda bağırsaq uzun olur. Bitki mənşəli qida ilə qidalanan heyvanlara siçanlar, sincablar, dovşanlar, marallar, ceyranlar, inək, qoyun, keçi, camış və bu kimi heyvanlar aiddir.
Yırtıcı heyvanlar. Həşəratlar, balıqlar, quşlar və məməlilərin bəziləri yırtıcı həyat tərzi keçirir.Yırtıcıların qidasını digər heyvanlar təşkil edir. Yırtıcı heyvanlarda şikarı tutmaq və parçalamaq üçün güclü ətraflar, yaxşı görən gözlər və iti dişlər olur. Onların bədənində qidanın həzmi tez başa çatdığından bağırsaqları nisbətən qısa olur.
Parazitlər. Heyvanlar arasında parazit həyat tərzi keçirənlərə də təsadüf olunur. Onlar digər orqanizmlərin (sahibin) hesabına yaşayır. Parazitlərin bir çoxunda sahibdən yapışmağa xidmət edən xüsusi tutucu orqanlar - sormaclar və ya qarmaqcıqlar olur. Bit və birələr bədən səthində yaşasalar da, sorucu qurdlar, askarid kimi parazitlər bədən daxilində olurlar. Bəzi parazitlər həzm olunmuş qidadan istifadə etdikləri üçün onlarda həzm sistemi ya zəif inkişaf edir, ya da ümumiyyətlə olmur.
Leşyeyən və hərşeyyeyən heyvanlar. Kərkəslər, kaftarlar, cəsədyeyən böcəklər və s. ölmüş heyvanların cəsədləri ilə qidalanırlar. Bunlara leşyeyənlər deyilir.
Həm bitki, həm də heyvan mənşəli qidalarla qidalanan şimpanze, kirpi, qonur ayı, qaban kimi heyvanları hərşeyyeyənlər adlandırırlar.