6-cı sinif şagirdlərinin hər birinə məktəbin canlı guşəsində otaq bitkilərinə qulluq etmək tapşırıldı. Onlardan biri belə güman edirdi ki, çiy suda mikroblar çox olur. Belə su ilə bitkiləri sulamaq onlara zərərlidir. Bu məqsədlə o, digər şagirdlərdən fərqli olaraq hər gün ona həvalə olunan bitkiləri qaynadılmış su ilə bir neçə dəfə suladı. Müəyyən müddətdən sonra onun suladığı bitkilər zəiflədi və soldu. Adi su ilə sulanan bitkilər isə yaxşı inkişaf etməyə başladı.
Kök təzyiqinin müəyyən edilməsi.
Təchizat: 1 ədəd dibçək bitkisi – ətirşah və ya beqoniya, 3 sm uzunluqda
rezin boru, 20–25 sm-lik əyri şüşə boru.
İşin gedişi:
1. Dibçək bitkisinin gövdəsini 2–3 sm saxlamaqla kəsin. 2. Kəsilən
hissəyə rezin boru, onun üst hissəsinə isə şəkildəki kimi şüşə boru
keçirin. 3. Rezin borunu su ilə doldurun. 4. Bitkini ilıq su ilə sulayın.
Nəticəni müzakirə edək:
• Müəyyən müddətdən sonra suyun şüşə boru ilə qalxaraq xaricə tökülməsini necə
izah edərdiniz?
• Su torpaqdan kökə necə sorulur?
Bitkilərin yeraltı qidalanması. Orqanizmlər qidasız yaşaya bilmədiyindən xarici mühitdən daim qida maddələri alırlar. Qidalanma sayəsində orqanizm böyüyür, inkişaf edir və çoxalır. Qidalanma - ətraf mühitdən həyat fəaliyyəti üçün lazım olan qida maddələrinin udulması və mənimsənilməsi prosesidir. Bitkilərin bir çoxunun qidalanmasında kök iştirak edir. Kök vasitəsilə suda həll olmuş mineral maddələr torpaqdan bitkiyə daxil olur. Bu, yeraltı və ya torpaqdan qidalanma adlanır.
Kök təzyiqi. Әmici tellərlə udulan su və mineral maddələr kökün qabıq hüceyrələrindən keçərək borucuqlara çatır. Buradan borucuqlar vasitəsilə kökün yaratdığı təzyiq altında gövdəyə ötürülür. Beləliklə, kök təzyiqi su və mineral duzların kökdən gövdəyə ötürülməsini təmin edir. Әgər bitkini ilıq su ilə suvarsaq, su boru ilə daha tez qalxacaq. Aşağı temperaturda isə kök vasitəsilə suyun sorulması azalır və hətta dayanır. Nəticədə kök təzyiqi aşağı düşür.
Bitkilərə lazım olan maddələr. Bitki hüceyrələrinin tərkibinin əsas hissəsini su təşkil edir. Bitkilər susuz yaşaya bilmir. Onların böyümə dövründə suya daha çox ehtiyacı olur, meyvələr yetişdikdə isə suya tələbatı azalır. Bitkiləri su və mineral maddələrlə torpaq təmin edir.