Bitkilər aləmi. Vətənimizin ərazisində dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, şümşad, Eldar şamı, qaraçöhrə və s. ağaclara rast gəlinir. Ölkəmizdə bitən bitkilər növ sayına görə Qafqazda olan bitki növlərinin ümumi miqdarının yarısından çoxunu təşkil edir.
Heyvanlar aləmi. Respublikamızın ərazisində Asiya bəbiri, qonur ayı, zolaqlı kaftar, canavar, vaşaq, cüyür, çöldonuzu, çaqqal, porsuq, meşə pişiyi, tülkü və digər məməli heyvanlara rast gəlinir. Azərbaycan təbiətində həmçinin çoxsaylı quşlar, sürünənlər, suda-quruda yaşayanlar və s. siniflərə aid heyvan növləri qeydə alınmışdır.
Nəsli kəsilməkdə olan bitki və heyvanlar. Azərbaycanda 300-ə yaxın bitki və göbələk, 200-dən çox növ heyvanın sayı həddən artıq azaldığından nəsli kəsilmək təhlükəsi ilə üzləşmişdir. Bunların adları Azərbaycanın “Qırmızı kitabına daxil edilmişdir. Məsələn, Xəzər dənizində yeganə su məməlisi olan Xəzər suitisinin adı bu kitaba salınmışdır.
Flora və faunanın nadir növlərinin qorunması məqsədilə respublikamızın ərazisində dövlət təbiət qoruqları, dövlət təbiət yasaqlıqları və milli parklar yaradılmışdır.
*Flora (Roma mifologiyasında çiçək və bahar ilahəsi, lat.– çiçək) – müəyyən ərazidə
tarixən formalaşan bitki növlərinin cəmi.
*Fauna (Roma mifologiyasında meşə və çöl ilahəsi, heyvanların himayədarı) –
müəyyən ərazidə tarixən formalaşan heyvan növlərinin cəmi.