Çiçək qrupları. Çiçəklər gövdə üzərində, adətən, tək-tək və ya qrup halında yerləşir. Gövdə üzərində qrup halında yerləşən çiçəklər çiçək qrupları adlandırılır. Çiçək qrupları sadə və mürəkkəb olur.
Laboratoriya işi. Çiçək qrupları ilə tanışlıq.
Təchizat: müxtəlif çiçək qruplarının herbari nümunələri.
İşin gedişi:
1. Herbaridə müxtəlif bitkilərin çiçək qruplarını nəzərdən keçirin.
Dərslikdən istifadə edərək onların adlarını təyin edin.
2. Cədvəli dəftərinizə çəkin və tamamlayın:
Bitkinin adı | Çiçək qrubu | Çiçək qrupunun sxematik təsviri |
---|---|---|
Sadə çətir. Saplaqlı çiçəklər qısalmış əsas oxda çətirin milləri kimi bir nöqtəyə birləşir. Belə çiçək qrupuna alma, albalı, soğan, sarımsaq, gilas və novruzçiçəyi (primula) kimi bitkilərdə rast gəlinir.
Mürəkkəb çətir. Sadə çətirlər bir yerə toplanaraq mürəkkəb çətir çiçək qrupunu əmələ gətirə bilir. Mürəkkəb çətir çiçək qrupu şüyüddə, yerkökündə, baldırğanda, cəfəridə olur.
Sadə salxım. Sadə salxım çiçək qrupu uzun əsas oxa malikdir. Bu ox üzərində saplaqlı çiçəklər növbə ilə düzülür. Üskükotu, at şabalıdı, qarağat, meşəgilası, turp, şalğam, quşəppəyi və s. bitkilər belə çiçək qrupuna malikdir.
Mürəkkəb salxım. Sadə salxımların birləşməsindən yaranir. Üzüm və yasəməndə rast gəlinir.