Deyilənə görə, kartof bitkisini İngiltərəyə 1586-cı ildə məşhur admiral
Frensis Dreyk gətirmiş və onu öz bağında əkməyi bağbanına
tapşırmışdır.
Bitki böyüyəndən sonra bağban onun yaşıl meyvələrini dadıb acı
olduğunu bildirir. Admiral bağbana bitkini kökündən çıxarıb atmağı
tapşırır. Bitkini çıxarmağa çalışan bağban torpağın altında
kartof yumrularını aşkar edir. Onları bişirərək dadına baxır.
Onun qiymətli bitki olduğunu başa düşür. Sonradan kartof çox
mühüm qida bitkisi kimi geniş yayıldı.
Müəyyən bitkilərin yeraltı və yerüstü orqanları bəzən mühit şəraitinin təsirindən müxtəlif dəyişikliklərə məruz qalır.
Nəticəni müzakirə edək:
• Nə üçün kökümsov kökə oxşasa da, onu kök adlandırmırlar?
Zoğun şəkildəyişmələri. Bəzən yeraltı zoğların ehtiyat qida maddələri toplaması nəticəsində onun şəkildəyişmələri yaranır. Şəklini dəyişmiş belə zoğlara kökümsov, gövdə yumruları və soğanaqları aid etmək olar.
Kökümsov. Yerüstü zoğlarda olduğu kimi, üzərində təpə və yan tumurcuqları, həmçinin şəklini dəyişmiş pulcuğabənzər yarpaqcıqlar olur. İnkişaf zamanı bitkilər burada toplanan ehtiyat qida maddələrindən istifadə edir.
Kökümsov gövdələrə inciçiçəyi, çayır, ayrıqotu, dəvədabanı və gicitkəndə rast gəlmək olur.
Gövdə yumruları. Yeraltı zoğların uc hissəsinin genişlənməsindən əmələ gəlir. Burada ehtiyat halında nişasta toplanır. Gövdə yumrularına kartof və topinamburda (yerarmudu) rast gəlinir.