Sorucu zonada ötürücü borular tam formalaşmış vəziyyətdə olur. Sorucu zonanın örtük toxumasının (dəricik) hüceyrələrindən əmici tellər yaranır. Әmici tellər vasitəsilə bitki torpaqda olan su və suda həll olmuş mineral duzları udur. Әmici tellər azömürlüdür. Cəmi 10–20 gün yaşayır, sonra məhv olur.
Әmici tellər məhv olduqdan sonra əvvəlki sorucu zonanın yerində ötürücü zona əmələ gəlir. Bu zonanın hüceyrələri vasitəsilə kökdən yarpağa doğru su və mineral duzlar, aşağıya doğru isə üzvi maddələr hərəkət edir.
Kökün növləri. Bitkinin toxumunun rüşeym kökcüyündən inkişaf edən kök – əsas kök adlanır. Köklər həmçinin bitkinin yerüstü hissələrindən – gövdə və yarpaqlardan da inkişaf edə bilir ki, bunlara əlavə köklər deyilir. Әsas və əlavə köklərin üzərində inkişaf edən köklər yan köklər hesab olunur.
Kök sisteminin öyrənilməsi.
Təchizat: zəncirotu və buğda köklərindən hazırlanmış herbarilər. (qurudulmuş bitki nümunələri).
İşin gedişi:
• Herbari nümunələrindən istifadə etməklə zəncirotu və buğdanın köklərini
nəzərdən keçirin.
• Onlar arasında hansı fərqlərin olduğunu müəyyən edin.
• Onları sxem şəklində dəftərinizə çəkin.
Nəticəni müzakirə edək:
• Zəncirotunun hansı kökü daha aydın seçilir?
• Buğdada bu cür tipli kökə rast gəlinirmi?
Kök sistemi. Bitkinin bütün köklərinin cəmi kök sistemini əmələ gətirir. İki tip kök sistemi – mil və saçaqlı kök sistemi var. Mil kök sistemində əsas kök digər köklərdən yaxşı seçilir. Mil kök sistemi – noxud, günəbaxan, quşəppəyi, zəncirotu və digər bitkilər üçün səciyyəvidir.
Saçaqlı kök sistemində əsas kök bəzən tez quruyur, bəzən isə əlavə və yan köklər arasında seçilmir. Saçaqlı kök sistemi taxıllarda, bağayarpağında və digər bitkilərdə rast gəlinir.