Güclü küləklər ağacları əysə də, əksər hallarda onlar buna dözür, yıxılmır və sınmır.
Laboratoriya işi. Kökün quruluşunun öyrənilməsi.
Təchizat: lupa, lanset, buğda və ya noxud cücərtisi.
İşin gedişi:
• Buğda və ya noxud cücərtisinin kökünə əvvəl adi gözlə, sonra lupa ilə baxın.
• Kökün ucunda tündrəngli və nisbətən qalınlaşmış hissəyə diqqət yetirin.
• Daha sonra kökün orta hissəsinin zərif tükcüklərə malik olmasına diqqət
edin.
• Onların hansı quruluşa malik olduğunu müəyyənləşdirin.
• Lupa ilə müşahidə etdiyinizi dəftərinizdə çəkin.
Kök – bitkinin vegetativ orqanlarından biridir. Bütün ömrü boyu uzununa böyüyür. Onun zərif ucunun torpaq hissəcikləri tərəfindən zədələnmədən qorunması üçün kök üsküyü ilə örtülmüşdür. Kök üsküyü bir-birinə sıx yerləşmiş nazikdivarlı tündrəngli canlı hüceyrələrdən ibarətdir. Kök üsküyü vaxtaşırı torpaq hissəciklərinə sürtülərək məhv olsa da, törədici toxuma tərəfindən yenisi əmələ gəlir.
Cavan kökün zonaları. Bitki kökü müxtəlif hüceyrələrdən təşkil olunmuşdur. Bu səbəbdən onu şərti olaraq zonalara ayırırlar: bölünmə, böyümə, sorucu və ötürücü zonalar.
Bölünmə zonasının hüceyrələri irinüvəli və içərisi sitoplazma ilə dolu cavan hüceyrələrdir. Bu hüceyrələr daim bölünərək sayca artırlar. Әmələ gələn hüceyrələr sonradan uzununa istiqamətdə böyüyərək böyümə zonasını əmələ gətirirlər. Bu zona kökün uzununa böyüməsini təmin edir. Böyümə zonasında tam formalaşmamış ötürücü borular olur.