Bitkini uzun müddət qaranlıqda saxlayanda yarpaqları saralır. Onu uzun müddət sulamadıqda yarpaqları büzüşür.
Laboratoriya işi. Yarpağın dəricik hüceyrəsinin quruluşu.
Təchizat: yarpağın en kəsiyinin hazır preparatı (və ya tablosu), işıq mikroskopu.
İşin gedişi:
1. Yarpağın en kəsiyinin hazır preparatına mikroskopla baxın.
2. Onun müxtəlif cür hüceyrələrdən əmələ gəldiyinə diqqət yetirin.
3. Preparatda dəricik hüceyrələrini taparaq onların forma və quruluşuna
baxın.
4. Alt dəricikdə yerləşən ağızcıq hüceyrələrini tapın və onun mikroskopdan
şəklini çəkin.
Nəticəni müzakirə edək:
• Üst və alt dəriciyin arasında yerləşən hüceyrələr qrupu bir-birindən nə
ilə fərqlənir?
• Onların hansılarında xloroplastların miqdarı çoxdur?
• Ağızcıq hüceyrələri digər dəricik hüceyrələrindən nə ilə fərqlənir?
• Yarpaq damarları yarpağın hansı hüceyrələrinin arasında yerləşir?
Cavabları dəftərinizə qeyd edin.
Yarpağın daxili quruluşu. Yarpaq xaricdən dəricik adlanan şəffaf hüceyrələrlə örtülmüşdür. Üst və alt dəricik arasında yarpaq ləti yerləşir. Üst dəricik hüceyrələrinin altında çoxlu xloroplastlara malik sütunşəkilli hüceyrələrdən ibarət sütunvari toxuma yerləşir.
Sütunvari toxuma əsasən fotosintez funksiyasını yerinə yetirdiyindən yarpağın günəş işığı düşən hissəsində olur. Ondan altda dəyirmi formalı hüceyrələrə malik və xloroplastları nisbətən az olan süngərvari toxuma yerləşir. Süngərvari toxuma hüceyrələri arasında içərisi hava ilə dolu hüceyrəarası sahə - boşluqlar olur.
Ağızcıqlar. Dəricik hüceyrələrinin bəziləri yaşıl rəngli olub ağızcıqlar əmələ gətirir. Ağızcıqlar iki qapayıcı hüceyrədən və onların arasında olan ağızcıq yarığından təşkil olunmuşdur. Onlar açılıb- qapanmaqla qaz və su mübadiləsini (transpirasiyanı) tənzimləyir. Quruda yaşayan bitkilərin əksəriyyətində ağızcıqlar yarpağın alt dəriciyində yerləşir. Viktoriya, su zanbağı bitkilərində onlar üst dəricikdə, süsən və kələmdə isə yarpağın hər iki tərəfində yerləşir.