İtalyan rəssamı Leonardo da Vinçi (1452-1519) ilk dəfə illik halqalara görə ağacın yaşının təyin edilməsinin mümkünlüyü fikrini irəli sürmüşdür. O qeyd etmişdir ki, ağacın illik halqası onun yaşadığı illərə müvafiq olur, illik halqanın eni isə quraqlıq və rütubətli dövrləri göstərir. Oduncağın illik halqasının ölçüsünə görə bu və ya digər ilin iqlim şəraiti barədə mühakimə yürütmək olar.
Gövdənin quruluşunun öyrənilməsi.
Təchizat: qovaq bitkisinin budağı.
İşin gedişi:
Qovaq bitkisinin budağını uzununa kəsin. Onun üst qatını ayırın və bərkliyini yoxlayın. Suallara cavabı dəftərinizdə qeyd edin.
• Bu qat necə adlanır və hansı toxumadan əmələ gəlir?
• Bu qat hansı funksiyanı yerinə yetirir?
Gövdənin daxili quruluşu. Gövdə – qabıq, kambi, oduncaq və özəkdən təşkil olunmuşdur.
Qabıq. Cavan və yaşıl zoğlarda qabığın xarici qatını dəricik təşkil edir. Qışlayan gövdələrdə dəricik digər örtük toxuması olan mantarla əvəz olunur. Mantar işığı özündən buraxmadığından onun altındakı ilk qabıq(yaşıl hüceyrələr) qat yaşıllığını itirir. Qabığın daxili qatı floema adlanır. Gövdədə floema qatının içərisində floema boruları deyilən ələyəbənzər borular və floema lifləri olur.
Kambi qatının hüceyrələri mitoz üsulu ilə bölünərək gövdənin eninə böyüməsini təmin edir. Bölünməsi nəticəsində yeni qabıq və oduncaq hüceyrələri yaranır. Mülayim iqlim şəraitində yaşayan ağaclarda kambinin bölünməsi yazda başlayır və payızda sona çatır. Yaz və yayda əmələ gələn bir qədər iri hüceyrələrlə payızda əmələ gələn kiçik hüceyrələr arasında, sanki bir sərhəd yaranır. Nəticədə gövdənin oduncaq hissəsində illik halqalar əmələ gəlir.
Kəsilmiş ağac gövdəsinin yaşının təyin edilməsi.
1. Ağac gövdəsində illik halqaların miqdarını müəyyənləşdirin.
2. İllik halqaları mərkəzdən qabığa doğru sayaraq ağacın yaşını müəyyən edin.
• İllik halqalar əsasən gövdənin hansı qatında yerləşir?
• İllik halqalara görə daha nəyi təyin etmək olar?