Yazda ağaclarda nazik yaşıl budaqcıqların əmələ gəlməsini müşahidə etmisiniz. Bu budaqcıqlara diqqət yetirsəniz, üzərində hansı hissəcikləri görərsiniz?
Hər hansı bir bitkinin zoğunu nəzərdən keçirin. Onu dərslikdəki şəkillə müqayisə edin. Dəftərdə zoğun hissələrinin adlarını qeyd edin.
Zoğ
Zoğ və tumurcuğun quruluşu. Zoğ — gövdə, yarpaq və tumurcuqlardan ibarətdir. Tumurcuğun xarici hissəsi tumurcuq pulcuqlarından təşkil olunmuşdur. Tumurcuq pulcuqları şəklini dəyişmiş yarpaqlar olub zoğu mühitin əlverişsiz təsirlərindən qoruyur. Tumurcuq pulcuqlanmn altında rüşeym halında gövdəcik və onun üzərində rüşeym halında yarpaqcıqlar yerləşir. Yarpaqların qoltuğunda çox kiçik rüşeym tumurcuğu olur. Zoğ təpə hissəsində zərif törədici toxumaya malikdir. Bu, böyümə konusu adlanır.
Tumurcuğun növləri. Zoğ üzərində yerləşməsinə görə tumurcuqları təpə və yan tumurcuqlarına ayırırlar. Təpə tumurcuğu – zoğun təpə hissəsində yerləşir. Ondan əsas gövdə inkişaf edir. Yan tumurcuqlar zoğun yan hissəsində yerləşir. Onlardan budaqlar əmələ gəlir. Yarpağın zoğa birləşən hissəsi – buğum, iki buğum arasında qalan məsafə isə buğumarası adlanır.
Yarpaqla ondan yuxarıda yerləşən buğumarası arasında yaranan bucağa yarpaq qoltuğu deyilir. Burada yerləşən yan tumurcuqlar qoltuq tumurcuğu adlanır.
Yan tumurcuqlara yarpaq qoltuğundan kənarda – buğumarasında, kökün və ya yarpağın üzərində də rast gəlinir. Bunlara əlavə tumurcuqlar deyilir. Bəzı yan tumurcuqlar bir neçə il inkişaf etmir və sakitlik halı keçirir. Belə tumurcuqlar yatmış tumurcuqlardır. Onlar lazım gəldikdə sürətlə inkişaf edərək məhv olmuş tumurcuqları əvəz edir.
Vegetativ və generativ tumurcuqlar. İnkişaf tipinə görə tumurcuqlar vegetativ və generativ tumurcuqlara bölünür. Vegetativ tumurcuq kiçikdir. İçərisində rüşeym halında gövdə, yarpaq və tumurcuq başlanğıcı olur. Belə tumurcuqlardan yarpaq və tumurcuğa malik vegetativ zoğ meydana gəlir. Generativ tumurcuq, adətən, iri olur.