Bitkilərin vegetativ orqanları
Ağacın hissələri bir-biri ilə söhbət edirdi. Onlardan biri Günəş səltənətində yaşaması ilə qürrələnərək bütün ağırlıqları öz çiynində daşıdığını, digəri isə qaranlıqlar dünyasında yaşaması və möhkəm təməl yaradaraq ağacı bütün həyatı boyu dik vəziyyətdə saxlamasından danışdı. Sizcə, söhbətdə iştirak edən orqanlar hansıdır?
Çiçəkli bitkilərin əsas orqanları. Bitkilər
– kök, gövdə, yarpaq, çiçək, toxum,
meyvə kimi hissələrdən təşkil olunur.
Bunlar çiçəkli
bitki orqanizminin əsas orqanlarıdır.
Bitkinin orqanları yerinə yetirdiyi
funksiyalarına görə iki
qrupa bölünür - vegetativ və generativ
orqanlar.
Vegetativ orqanlar. Kök, gövdə və
yarpaq ali bitkilərin vegetativ orqanlarıdır.
Kökün əsas vəzifəsi
bitkini torpağa bərkitmək, torpaqdan
suyu və suda həll olmuş mineral
maddələri sormaq, həmin
maddələri bitkinin yerüstü hissəsinə
ötürməkdir.
Bəzi hallarda kök özündə qida maddələri toplayır.
Gövdənin üzərində yarpaqlar və tumurcuqlar olan cavan hissəsi zoğ
adlanır. Gövdənin əsas funksiyaları bitkinin kökü ilə yarpaqları arasında
əlaqə yaratmaq və yarpaqları işığa çıxarmaqdır.
Yarpaq vasitəsilə bitkidə üzvi maddələrin hazırlanması, suyun buxarlanması
və qaz mübadiləsi həyata keçirilir. Yarpaqda əmələ gələn
üzvi maddələr hesabına bitki öz bədənini qurur.
Generativ orqanlar. Cinsi çoxalma prosesində iştirak edən orqanlara - çiçək, toxum və meyvə aiddir. Çiçək - şəklini dəyişmiş və qısalmış zoğdur. Əsas hissələri dişicik (dişi cinsiyyət orqanı) və erkəkcikdir (erkək cinsiyyət orqanı).