Yaşayış mühitindən asılı olaraq heyvanlarda müxtəlif tipli tənəffüs orqanları - atmosfer havası ilə tənəffüsə xidmət edən ağciyərlər və traxeyalar, suda həll olmuş oksigenlə tənəffüsə ixtisaslaşan qəlsəmələr mövcuddur.
Qan-damar sistemi. Oksigen (həşəratlardan başqa) və qida maddələri, adətən, qan-damar sistemi ilə axan qanla orqanizmin bütün hüceyrələrinə çatdırılır. Bir çox heyvanlarda qan-damar sistemi ürək və damarlardan ibarətdir. Qan zərərli maddələr və karbon qazının bədəndən xaricə çıxarılmasında da iştirak edir.
İfrazat sistemi. Orqanizmdə yaranan zərərli maddələr ifrazat sistemi vasitəsilə bədəndən kənarlaşdırılır. Onurğasız heyvanlarda, adətən, ifrazat sistemi şaxələnmiş borucuqlardan ibarətdir. Onurğalıların əksəriyyətində bu sistemin əsas orqanları böyrəklərdir.
Cinsiyyət sistemi. Orqanizmin özünəoxşar nəsil törətməsində iştirak edir. Nəsil törətməsi canlının əsas xüsusiyyətlərindən biridir.
Sinir və endokrin sistemlər. Orqanizmin bütün orqanlar sisteminin birgə fəaliyyətinin tənzimlənməsində sinir və endokrin sistemlər iştirak edir. Sinir sistemi həm də heyvanların ətraf mühitlə əlaqəsini təmin edir. Endokrin sisteminə bioloji aktiv maddələr — hormonlar hazırlayan vəzilər aiddir. Hormonlar bütün orqanlar sisteminin fəaliyyətinə təsir göstərir. Beləliklə, orqanizmlərdə bütün orqanlar vahid sistem halında işləyir.