Orqanlar bir yerə yığılaraq başçı seçmək istədilər. Baş məğrurcasına
qalxaraq dedi: – Başçı mən seçilməliyəm, çünki hamıdan yuxarıda dururam,
məndə hər yerə nəzarət edən beyin var.
Ürək irəli çıxaraq: – Mən hamıdan güclüyəm. Әgər mənim güclü əzələlərim
qanı vurmasa, hamınızın sonu çatar, – dedi.
– Sakit, – deyə qaraciyər dilləndi. – Mən bədəni zəhərlərdən təmizləyirəm.
Mənsiz heç kim yaşaya bilməz. Başçı mən olmalıyam.
– Nə üçün sən olmalısan? – deyə ağciyər qardaşları özlərindən çıxdı. İndi
tənəffüsü kəsərik, onda bilərsiniz ki, bizsiz yaşamaq nə deməkdir!..
Heyvanlarda orqanlar və orqanlar sistemi. Heyvanlarda toxumalar birləşərək orqanları əmələ gətirir. Orqanizmdə müəyyən yeri olan, bir neçə növ toxuma qrupundan təşkil olunan bir və ya bir neçə funksiya yerinə yetirən bədən hissəsi orqan adlanır (yun. “orqanon” - silah, alət). Ümumi funksiyaları yerinə yetirən, bir-biri ilə bağlı olan orqanlar isə, öz növbəsində, orqanlar sistemini əmələ gətirir.
Sümük və əzələ sistemləri. Orqanizmlərin bir çoxunda skelet əzələlərlə birlikdə dayaq-hərəkət aparatını əmələ gətirir. Skelet daxili orqanları zədələnməkdən qorumaqla bərabər, həm də bədənin dayağını təşkil edir. Əzələlərin yığılması nəticəsində bədənin ayrı-ayrı hissələri hərəkətə gətirilir.
Həzm sistemi. Bədənə daim qida maddələri daxil olur. Onlar xüsusi şirələrin təsirindən parçalanaraq mənimsənilir. Heyvanların əksəriyyətində bu proses həzm sistemi vasitəsilə həyata keçirilir.
Tənəffüs sistemi. Heyvanların bədənində baş verən qaz mübadiləsini tənəffüs sistemi təmin edir.