Qonur ayının yeni doğulan balasının çəkisi 500 q-a çatsa da, özü təxminən 700-800 kq olur. Palıd qozası inkişaf edərək nəhəng ağaca çevrilir.
Orqanizmlərdə böyümə onun hüceyrələrinin bölünməsi hesabına gedir. Hüceyrənin bölünməsi mürəkkəb prosesdir. Bu prosesdə bir ana hüceyrənin bölünməsi nəticəsində iki qız hüceyrə yaranır. Bölünmədə nüvədə olan xromosomlar iştirak edir.
Eukariot orqanizmlərdə hüceyrənin bölünməsi. Hüceyrədə bölünmədən əvvəl xromosomlar ikiləşir. Bölünmə prosesində hər bir ikiləşmiş xromosom əvvəl hüceyrənin ekvatorunda düzülür, sonra bir-birindən ayrılaraq hüceyrənin əks qütblərinə çəkilir. Qütblərə çəkilən xromosomların ətrafında nüvə pərdəsi əmələ gəlir. Daha sonra isə hüceyrənin sitoplazması iki hissəyə bölünür. Beləliklə, bir ana hüceyrənin tam oxşarı olan iki qız hüceyrə yaranır.
Mitoz (yun. “mitos” – sap, tel). Eukariot hüceyrənin eyni xromosom sayına malik iki qız hüceyrəyə bölünməsi - mitoz adlanır. Mitoz bölünmə əsasən bədən hüceyrələrinə xasdır.