Canlı orqanizmlərin əsas xüsusiyyətləri. Orqanizmlər qocalır, ölür, yeniləri əmələ gəlir. Yeni fərdlərin meydana gəlməsi, yəni orqanizmin özünəoxşar nəsil törətməsi çoxalma sayəsində mümkün olur. Yaranan fərdlər fərdi inkişaf dövründə (mayalanma anından ölənə qədər) dəyişilir. Bu, böyümə ilə, yəni bədən ölçülərinin və kütləsinin artması ilə səciyyələnir. Bitkilər ömrü boyu böyüsə də, heyvanların əksəriyyəti müəyyən yaş dövrünə qədər böyüyür.
Orqanizmlərin qidalanması və tənəffüsü hesabına onların bədəninə xarici mühitdən daim müxtəlif maddələr daxil olur. Daxil olan maddələr orqanizm tərəfindən istifadə edilir və sonda parçalanmaya məruz qalır. Nəticədə yaranan və bədən üçün lazımsız olan son parçalanma məhsulları xarici mühitə ifraz edilir. Qidalanma, tənəffüs, ifrazat kimi proseslər maddələr mübadiləsinin əsasını təşkil edir. Maddələr mübadiləsi canlının əsas xüsusiyyətlərindən biridir.
Canlıların digər əlaməti - hərəkət sayəsində heyvanlar özlərinə qida tapır və düşmənlərindən xilas olur.