Son dövrlərin statistikasına görə, böyük şəhərlərdə tənəffüs yolları, mədə-bağırsaq, sinir və bu kimi xəstəliklər kənd yerlərinə nisbətən daha çox olmuşdur. Xəstəliklərin artması müvafiq olaraq ölüm hallarının çoxalmasına da səbəb olmuşdur.
İnsanın təbiətə təsiri. Qədim insanların təbiətə təsiri o qədər də güclü olmamışdır. Onlar özlərinə qida əldə etmək üçün yeməli bitkiləri toplamış və vəhşi heyvanları ovlamışlar. Hazırkı dövrdə insanın təbiətə təsiri o qədər geniş miqyas alıb ki, təbiətdə mövcud olan tarazlığın pozulması təhlükəsi yaranıb. Bu səbəbdən bəşəriyyət təbiətin qorunması barədə düşünməyə başlayıb.
“Qırmızı kitab”. Yer üzərində canlı aləmin sərvətlərinin qorunması üçün 1948-ci ildə Beynəlxalq Təbiəti və Təbii Ehtiyatların Mühafizəsi İttifaqı (BTMİ) yaradıldı. Onun təşkil etdiyi komissiya tərəfindən 1963-cü ildə ilk “Qırmızı kitab” nəşr olundu. “Qırmızı kitab” – daim fəaliyyət göstərən dövlət sənədi olub nadir və nəsli kəsilməkdə olan növlərin müasir vəziyyəti barədə məlumatları özündə əks etdirir.
Azərbaycanın ilk “Qırmızı kitab”ı 1989-cu ildə nəşr olunmuşdur.
Qorunan ərazilər. Canlıların nadir növlərinin saxlanılması və onun qorunması üçün qorunan ərazilər – qoruqlar, yasaqlıqlar və milli parklar yaradılır. Azərbaycanda 9 milli park, 11 qoruq və 24 yasaqlıq var.
Qoruqlar ciddi mühafizə olunan təbiət sahələridir. Qoruq ərazisində mal-qara otarmaq, turizm, ov etmək, ağac kəsmək kimi insanın bütün təsərrüfat fəaliyyəti qadağan edilir.
Yasaqlıqlar bəzi növlərin saxlanılması üçün müvəqqəti qorunan ərazidir. Burada insanın qorunan növə ziyan vurmayan təsərrüfat fəaliyyəti qadağan edilmir.