Ətrafa nəzər salsan, xalını xatırladan yaşıl çəmənlikləri, ağacların altında bitən göbələkləri, havada uçan, yerdə gəzən, suda üzən müxtəlif heyvanları görərsən. Bunlarla yanaşı, kiçik, gözlə görünməyən canlılar da mövcuddur. Bütün bu orqanizmlər çox müxtəlif olsalar da, onları ümumi xüsusiyyətlər birləşdirir.
Canlıların əksəriyyəti hüceyrələrdən təşkil olunmuşdur. Hüceyrə – canlıların ən kiçik quruluş vahididir. Hüceyrələr birləşərək toxumaları, toxumalar isə orqanları əmələ gətirir. Orqanlardan – orqanlar sistemi yaranır. Bütün bunlar isə tam orqanizmi təşkil edir.