Meyvə və toxumların əmələ gəlməsi. Yumurtahüceyrə və spermilərdən birinin birləşməsi nəticəsində yaranan ziqot bölünməyə başlayır. Ziqotun bölünməsi nəticəsində toxumun çoxhüceyrəli rüşeymi yaranır. Mayalanmış mərkəzi hüceyrə bölünərək toxumun endospermini əmələ gətirir. Endospermdə rüşeymin qidalanması və inkişafını təmin edən ehtiyat qida maddələri toplanır. Mayalanmadan sonra yumurtacıqdan toxum əmələ gəlir. Bu dövrdə yumurtalığa qida maddələri axır və o, yetişmiş meyvəyə çevrilir. Yumurtalığın divarından toxumu qoruyan meyvəyanlığı yaranır.
Çoxhüceyrəli heyvanların cinsi çoxalması. Cinsi çoxalmaya heyvanlarda da rast gəlinir. Onlarda da cinsi çoxalmadan əvvəl cinsi hüceyrələr, yəni qametlər yaranır. Heyvanların erkək cinsi hüceyrəsi erkək cinsi orqan olan toxumluqda meydana gəlir və spermatozoid adlanır. Toxumlu bitkilərin erkək cinsi hüceyrələrindən (spermilərdən) fərqli olaraq onlar hərəkətlidir və qamçılara malikdir.
Dişi cinsiyyət orqanı olan yumurtalıqda yumurtahüceyrə yaranır. Bu hüceyrə iri olub, adətən, hərəkətsizdir. İçərisində çoxlu qida maddələri olur. Cinsi çoxalma zamanı qametlərin birləşməsi nəticəsində mayalanma baş verir və ziqot əmələ gəlir. Ziqotdan isə bölünmə nəticəsində çoxhüceyrəli rüşeym yaranır.
Cinsi çoxalmanın qeyri-cinsi çoxalmadan üstünlüyü ondadır ki, yaranan orqanizmdə hər iki valideynin əlamətləri olur. Nəticədə nəsil mühitin dəyişən şəraitinə daha yaxşı uyğunlaşır.