Biologiya elminin meydana gəlməsi. Qədim zamanlardan insanlar bitki və heyvanlar barədə müəyyən biliklərə malik idilər. Onlar bu bilikləri toplayaraq nəsildən-nəslə ötürürdülər. Daha sonra insanlar faydalı bitki və heyvanların xüsusiyyətlərini, onların yetişdirilmə üsullarını öyrənməyə başladılar.

Zaman keçdikcə canlılar barədə biliklərin artması yeni elm sahəsinin - biologiyanın meydana gəlməsinə səbəb oldu.

Canlılara aid ilk elmi əsərlər eramızdan əvvəl IV–III əsrlərdə qədim yunan alimi Aristotel (“Heyvanların tarixi”) və Teofrast (“Bitkilərin tarixi”) tərəfindən yazılmışdır.

Aristotel,
e.ə. IV–III əsrlər

Teofrast,
e.ə. IV əsr

Biologiya (yun. “bios” – həyat, “loqos” – elm) — canlı orqanizmləri öyrənən elmdir. O, bitki, heyvan, göbələk və bakteriyalar kimi canlı orqanizmlərin mənşəyini, quruluşunu, həyat fəaliyyətini, onların bir-birilə və cansız təbiətlə qarşılıqlı əlaqəsini öyrənir.

Yer üzərində həyatı canlı orqanizmlər olmadan təsəvvür etmək mümkün deyildir. Onlara quruda, suda, havada, digər orqanizmlərin bədənində də rast gəlinir. Bitki və heyvanlar barədə insanların topladığı biliklər – botanika və zoologiya adlanan bioloji elm sahələrinin əsasını qoydu.

Biologiyanın bəzi sahələri