Calaqla çoxaltma. Bitkinin bir hissəsinin başqa bir bitkinin hissəsi ilə birləşdirilməsi calaq adlanır. Bu zaman kökü torpaqda olan bitki (adətən, cır bitki olur) calaqaltı, qələm götürülən bitki hissəsi isə calaqüstü adlanır. Sadə calaqda calaqüstü və calaqaltı eyni yoğunluqda olur. Bu hissələrin kəsik səthləri bir-birinin üzərini tamamilə örtür. Sonra onlar sarğı ilə möhkəm bağlanır. Sadə calağı, adətən, yazda aparırlar. Göz calağında isə calaqaltının üzərində T-şəkilli kəsik aparılır, buraya azca oduncaq hissəsinə malik tumurcuq yerləşdirilir. Meyvə ağaclarının əksəriyyətini calaqla çoxaltmaq mümkündür.
Vegetativ çoxalmanın təbiətdə əhəmiyyəti. Bitkilərdə bəzi hallarda toxumla çoxalma çətinlik törədir. Məsələn, çiyələk kölgəli yerlərdə çiçək açmır və toxum və meyvə əmələ gətirmir. Bu şəraitdə o, əsasən vegetativ çoxalır. Vegetativ çoxalma nəticəsində orqanizmlər tez yayılır və yeni yaşayış mühitini tuta bilirlər.
Vegetativ çoxalma zamanı ana bitkinin əlamətləri saxlanıldığı üçün bağçılıqda geniş istifadə edilir və qiymətli əlamətlər olduğu kimi nəsildən-nəslə ötürülür. Toxumla çoxaltdıqda, adətən, belə əlamət saxlanılmır və nəticədə cır bitki yaranır. Vegetativ çoxalma yolu ilə daha qısa vaxt ərzində yeni bitki yetişdirilə bilir.