Göbələklərin qidalanması. Göbələklər heterotrof orqanizmlər olub hazır üzvi maddələrlə qidalanır. Onlar üzvi maddələrlə zəngin isti və rütubətli yerlərdə inkişaf edərək buradakı üzvi qalıqlarla qidalanır.
Təchizat: quru maya, stəkan, şəkər tozu.
İşin gedişi:
1. Stəkana bir az quru maya qoyun.
2. Ora bir qaşıq şəkər tozu əlavə edin.
3. Stəkana 2–3 xörək qaşığı ilıq su əlavə edin.
4. Stəkanı 15 dəqiqəlik isti yerə qoyun.
Nəticəni müzakirə edək:
• Nə müşahidə edirsiniz? Gördüyünüzü necə izah edə bilərsiniz?
Maya göbələklərinin qidasını şəkər təşkil edir. Xəmirin qıcqırması zamanı bu göbələklər xəmirdə olan şəkəri spirtə çevirir. Bu zaman karbon qazı əmələ gəlir ki, bu da xəmiri şişirdərək məsaməli edir.
Mikoriza. Papaqlı göbələklərin bəziləri bitki kökləri ilə simbioz yaşayır. Belə birgə yaşayış mikoriza (yun. “mikes” – göbələk, “riza” – kök) adlanır. Mikorizalar zamanı göbələyin bədənini təşkil edən nazik saplar – mitselilər ağac köklərinin sorucu zonası ilə sıx təmasda olaraq onu bürüyür və hətta onun içərisinə daxil olur. Göbələk mitseliləri torpaqdan su və suda həll olmuş mineral duzları udaraq kökə ötürür, köklərdən isə həyat fəaliyyəti üçün vacib olan üzvi maddələr əldə edir.